534 Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları
Elan olunmuş, lakin hələ ödənilməmiş dividendlərin uçotu, mühasibat yazılışları və vergi yanaşması bu səhifədə sadə və praktik formada izah olunur.
534 hesab nəyi göstərir?
Elan olunmuş, lakin hələ ödənilməmiş dividendlər “Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları” adlı 534 nömrəli hesabda göstərilir.
Dividend — hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödənişdir.
Sadələşdirilmiş vergi ödəyicilərində isə bu yanaşma vergi və xərclər çıxıldıqdan sonra qalan gəlirin bölüşdürülməsi kimi qiymətləndirilir.
Qısa izah
Dividend elan edilən anda pul dərhal çıxmır. Əvvəlcə öhdəlik yaranır və həmin öhdəlik 534 hesabda görünür.
Uçot məntiqi
Əvvəl qərar verilir, sonra öhdəlik tanınır, daha sonra vergi tutulur və sonda ödəniş bağlanır.
Əməliyyatların uçotda əks olunması
Dividendlərin hesablanması 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları” hesabının kreditində və 344 “Elan edilmiş dividendlər” hesabının debetində əks olunur.
Hesablanmış dividendlərin ödənilməsi 534 hesabın debetində və pul hesablarının kreditində göstərilir.
Ödənilən dividendlərdən ödəmə mənbəyindən verginin tutulması isə 534 hesabın debetində və 521 “Vergi öhdəlikləri” hesabının kreditində əks olunur.
Misal
Hesabat ilinin sonunda vergilərdən sonra müəssisənin sərəncamında 50 000 manat bölüşdürülməmiş mənfəət qalmışdır. Təsisçilərin illik iclasında qərara alınmışdır ki, bu bölüşdürülməmiş mənfəət səhmdarlar arasında dividend kimi ödənilsin.
| N | Əməliyyatın məzmunu | Debet | Kredit | Məbləğ |
|---|---|---|---|---|
| 1 | Hesabat ilinin sonunda xalis mənfəət formalaşır | 801 “Ümumi mənfəət (zərər)” | 341 “Hesabat dövründə xalis mənfəət (zərər)” | 50 000 |
| 2 | Hesabat ilinin xalis mənfəəti bölüşdürülməmiş mənfəətə silinir | 341 “Hesabat dövründə xalis mənfəət (zərər)” | 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)” | 50 000 |
| 3 | Dividendlərin elan edilməsi | 343 “Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)” | 344 “Elan edilmiş dividendlər” | 50 000 |
| 4 | Təsisçilərə dividendlərin ödənilməsi ilə bağlı öhdəliyin yaranması | 344 “Elan edilmiş dividendlər” | 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları” | 50 000 |
| 5 | Ödənilən dividendlərdən verginin tutulması | 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları” | 521 “Vergi öhdəlikləri” | 5 000 |
| 6 | Dividendlərin ödənilməsi | 534 “Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları” | 223 “Bank hesablaşma hesabları” | 45 000 |
Vergi uçotu
AR Vergi Məcəlləsinin 102.1.22-1 və 106.10 maddələrinə əsasən, AR Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki və hüquqi şəxslərin dividend gəlirləri vergidən azaddır.
