Məzuniyyət bir neçə ayı əhatə edərsə necə tətbiq olunmalıdır?
Praktikada məzuniyyətlər təkcə 14 və ya 21 gün olmur. Bəzi hallarda məzuniyyət birləşdirilərək 30, 36, 45 və daha çox gün götürülür. Bu zaman “sonuncu əməkhaqqı” anlayışını aylıq məbləğ kimi tətbiq etmək texniki və hüquqi baxımdan düzgün olmur.
Çünki qanunvericilik məzuniyyət haqqının təqvim günləri üzrə hesablanmasını nəzərdə tutur. Əgər hesablamalar təqvim günləri ilə aparılırsa, müqayisə də eyni metodologiya ilə – yəni gündəlik əsasla aparılmalıdır.
Əks halda belə bir paradoks yaranır:
- 36 günlük məzuniyyət üçün aylıq 1.000 manat əsas götürülür,
- Lakin 36 gün artıq 1 ay deyil,
- Bu isə aylıq müqayisəni hüquqi baxımdan əsassız edir.
Bu səbəbdən 111-ci maddənin tətbiqi zamanı “sonuncu əməkhaqqı” anlayışı sonuncu gündəlik əməkhaqqı kimi şərh olunmalıdır.
İşəgötürənlər üçün praktik tövsiyə
Məzuniyyət hesablanarkən aşağıdakı ardıcıllıq tövsiyə olunur:
- Orta gündəlik əməkhaqqını (12 aylıq orta göstərici əsasında) hesablayın.
- Məzuniyyətdən əvvəlki son ayın gündəlik əməkhaqqını təqvim günlərinə bölməklə müəyyən edin.
- Hər iki göstəricini müqayisə edin.
- Daha yüksək olan məbləği tətbiq edin.
Bu metod həm 111-ci maddənin tələbinə, həm də 140-cı maddənin mexanizminə uyğun gəlir və sonradan əmək mübahisələrinin yaranmasının qarşısını alır.
Ən çox edilən səhvlər
- ✖ Yalnız 12 aylıq orta göstəricini əsas götürmək
- ✖ “Sonuncu əməkhaqqı”nı aylıq məbləğ kimi tətbiq etmək
- ✖ Təqvim günləri ilə iş günlərini qarışdırmaq
- ✖ Məzuniyyət məbləğini əvvəlcədən ödəyib sonradan korrektə etməmək
Unutmaq olmaz ki, məzuniyyət haqqı işçinin təminat hüququdur və hesablamada ən kiçik səhv belə əmək mübahisəsinə səbəb ola bilər.
Yekun mövqe
2026-cı ildən qüvvəyə minmiş dəyişikliklərin ruhu ondan ibarətdir ki, işçi məzuniyyətə çıxarkən gəliri azalmasın. Qanunverici aylıq məbləği deyil, real qazanc səviyyəsini qorumağı hədəfləyib.
Bu səbəbdən məzuniyyət hesablamasında əsas prinsip belə formalaşır:
Məzuniyyət haqqı sonuncu gündəlik əməkhaqqından az ola bilməz.
Qanunun məntiqi də, praktik tətbiqi də məhz bu yanaşmanı tələb edir.
Məmmədov Tural
Maliyyə direktoru | Vergi və əmək qanunvericiliyi üzrə praktik ekspert
Partner Group MMC

